14333500812833316570_750x500.jpg
3 iyun 2015

Heydər Əliyev Fondu İslamabaddakı Al-Farabi adına Əlil Uşaq Mərkəzinə əlil arabaları hədiyyə edib

Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Fərabi adına Əlil Uşaq Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib.

 

Tədbirdə Pakistan Nazirlər Kabineti Xüsusi Təhsil Departamentinin baş direktoru Liaqat Məhəmməd Xan, mərkəzin direktoru Məhəmməd Şabbir, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif Nur, KİV nümayəndələri iştirak ediblər.

 

L.M.Xan fiziki qüsurlu uşaqlara göstərdiyi yardıma görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Fondun Pakistandakı fəaliyyətindən danışan L.M.Xan bu humanitar yardımı Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Mehriban Əliyevanın Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən bu ölkə qarşısındakı xidmətlərinə görə ali dövlət mükafatı – “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu xatırladıb.

 

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Azərbaycan-Pakistan münasibətlərindən danışıb. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu haqqında məlumat verən səfir onun Azərbaycanda və xarici ölkələrdə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib. D.Şikarov Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə proqramların həyata keçirildiyini vurğulayıb. O, Mehriban Əliyevanın bu ilin fevralında “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasını Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi layihələrə yüksək qiymətin verilməsi ilə yanaşı, bütün Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirib.

 

200-dən artıq uşağın təhsil və müalicə aldığı Mərkəzə Heydər Əliyev Fondu adından 30 əlil arabası və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıqlar təqdim olunub.

 

Tədbirin sonunda Mərkəzdə təhsil alan uşaqlar konsert proqramı ilə çıxış edib.

 

Sonra Mərkəzin sakinləri və burada çalışan texniki heyətə nahar verilib.


FOTO