7 noyabr 2011

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada Qurban bayramı münasibətilə iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə paytaxt Ankarada müqəddəs Qurban bayramı münasibətilə azərbaycanlı tələbələr üçün tədbir keçirilmişdir. Tədbirə 300-dək tələbə qatılmışdır.


Səfirliyin müşaviri Dursun Həsənov tədbiri açaraq bildirmişdir ki, Türkiyədə yaşayan soydaşlarımız dövlətimizin başçısı İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikini böyük fərəh hissi ilə qarşılamışlar. Səfir Faiq Bağırovun tələbələrimizə bayram təbrikini çatdıran D.Həsənov Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi ilə birgə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.


Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki nümayəndəsi Nəcibə Nəsibova tələbələr adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, bu əziz gündə azərbaycanlı tələbələrin bayramının qeyd olunmasını onlara göstərilən diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndirmişdir.


Sonra tələbələr üçün bayram süfrəsi açılmışdır. Gənclər milli musiqimizin sədaları altında rəqs etmişlər.