01.jpg
9 may 2011

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Böyük Vətən müharibəsi veteranları üçün bayram gecəsi keçirilib

Heydər Əliyev Fondu və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin təşəbbüsü ilə həmin fakültənin müəllimlərindən və bir qrup tələbələrindən ibarət nümayəndə heyəti Bakıdadır. 

 

Mayın 9-da,faşizm üzərində qələbənin 66-cı ildönümü günündə Böyük Vətən müharibəsi (BVM) veteranları üçün bayram gecəsi təşkiledilib.

 

Veteranlara giriş sözü ilə Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev müraciət edib. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından tədbir iştirakçılarını təbrik edib.

 

"Azərbaycanın ümummilli lideri Heydər Əliyev veteranlara böyük sevgi ilə yanaşıb və deyib ki, məhz onların nümunəsində bir neçə nəsil yetişib", - Mustafayev bildirib.

 

Onun sözlərinə görə, BVM-in cəbhələrində 600 mindən çox Azərbaycanın oğul və qızları vuruşub. Onlardan 300 mindən çoxu həlak olub. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

 

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev veteranlarla görüşüb. Onun sərəncamına əsasən, veteranlara, BVM zamanı həlak olanların ailələrinə, arxa cəbhədə çalışanlara birdəfəlik maddi yardım ayrılıb", - Mustafayev deyib.


Onun sözlərinə görə, bu ənənələri Heydər Əliyev Fondu da davam etdirir. "Heydər Əliyev Fondunun prezidenti iştirak etdiyi bütün tədbirlərdə, xarici səfərləri zamanı ilk növbədə BVM-in veteranları ilə görüşür. Bu gün Heydər Əliyev Fondunun fəaliyyətinin daimi və prioritet istiqaməti BVM veteranlarının problemlərinin həllidir", - o qeyd edib.

 

"Veteranlara münasibətimiz dəyişilməz olaraq qalacaq", - Mustafayev bildirib.


MDU-nun tarix fakültəsinin dekan müavini, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) professoru Aleksey Vlasov fakültənin müəllim və tələbələri adından veteranları Qələbə Günü münasibəti ilə təbrik edib.

 

"Ümidvarıq ki, tələbələrimizin uzun müddət ərzində hazırladıqları konsert proqramı xoşunuza gələcək", - Vlasov deyib.

 

Onun sözlərinə görə, XXI əsrdə tarixi yaddaşını qorumayan xalq rəqabət apara biləcək millət olmağa iddia edə bilməz.

 

Vlasovun fikrincə, tarixi bilmək, 66 il bundan qabaq gələcəyimiz naminə öz həyat və sağlamlığını qurban verənlərə hörmətlə yanaşmaq postsovet məkanının bütün xalqların əsas dəyəridir.

 

"Veteranlar sağ olduqca, ümumi mədəni sahə də mövcud olacaq", - Vlasov deyib.


Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin də veteranları təbrik edib. Onun fikrincə, qələbənin əldə olunmasında Azərbaycanın rolunu yalnız bir sözlə ifadə etmək olar - igidlik.

 

"Hesab edirəm ki, indiki və gələcək azərbaycanlılar bu igidliklə qürur duyacaqlar", - səfir bildirib.

 

Onun sözlərinə görə, Rusiya Azərbaycanın BVM zamanı oynadığı rolu, xalqımızın verdiyi qurbanları unutmur və dəyərləndirir. "Tank və texnikanın işlətdiyi benzinin Azərbaycanda istehsal edilməsi yadımızdadır. Biz əsgərlərimizi müalicə edən həkim və tibb işçilərinin zəhmətini unutmuruq", - Doroxin söyləyib.

 

"Prezidentiniz və xalqınızın qələbənin ümumi cəhdlərin nəticəsində əldə olunması ilə bağlı mövqeyini yüksək qiymətləndiririk. Bu, bizi ilhamlandıran dəyərdir", - səfir əlavə edib.

 

Azərbaycan Veteranlar İttifaqının prezidenti Əlövsət Baxışov bütün veteranların adından tədbir təşkilatçılarına təşəkkürünü bildirib.


Onun sözlərinə görə, BVM-də iştirak edən 600 mindən çox azərbaycanlının 10 mindən çoxunu qadınlar təşkil edirdi.

 

"Azərbaycan bu gün də işğal problemi ilə üzləşib. Ermənistan torpaqlarımızın 20 faizini işğal edib. Lakin Azərbaycanın şərəfli oğulları torpaqlarımızın işğal altında qalmasına imkan verməyəcəklər", - Baxışov bildirib.

 

Çıxış zamanı Azərbaycan Veteranlar İttifaqının prezidenti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya göstərdiyi qayğı və diqqətə görə minnətdarlığını bildirib.

 

Baxışov veteranlar adından Prezident İlham Əliyevə də diqqət və qayğıya görə təşəkkür edib.

 

Tədbirin sonunda MDU-nun tarix fakültəsinin tələbələri Qələbə Gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

 

Tələbələrin ifasında sovet və Azərbaycan şairlərinin BVM-ə həsr olunmuş şeirlər səslənib. Hərbi geyimli tələbələr müharibə illərinin mahnılarını ifa ediblər.

 

Rusiya nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun məzarını ziyarət ediblər.


Qonaqlar İçərişəhər, Qobustan və başqa tarixi yerlərlə də tanış olublar.


FOTO