Безимени-1.jpg
5 aprel 2009

Heydər Əliyev Fondu ingilis dilində “Azərbaycan mətbəxi” adlı buklet nəşr edib

Heydər Əliyev Fondu ingilis dilində Azərbaycan mətbəxindən bəhs edən buklet nəşr edib. Bukletdə Azərbaycan mətbəxinin əsrlər boyu formalaşma xüsusiyyətləri haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan mətbəxi dünyanın ən zəngin, ən qədim və dadlı mətbəxlərindən biridir. Bu yalnız xörəklər və onların hazırlanma texnikası ilə bağlı deyil. Milli kimliyimizin əsasını təşkil edən tarix, fəlsəfə, qidalanma, pəhriz və ziyafət ənənələri, fiziologiya, gigiyena, etika, estetika, poeziya və digər çoxsaylı aspektləri ahəngdar formada ehtiva edən Azərbaycan mətbəxi ölkənin çoxəsrlik mədəniyyətinin ayrılmaz parçasıdır.


Azərbaycan mətbəxi müasir Azərbaycan Respublikası, Cənubi Azərbaycan (hazırda İranın şimal əyalətləri), İrəvan xanlığı, Zəngəzur və Göyçə (hazırkı Ermənistan), Borçalı (Gürcüstan), Dərbənd (Dağıstan Muxtar Respublikası) və bölgənin digər ərazilərində yaşamış əcdadlarımız tərəfindən minilliklər boyunca formalaşdırılmışdır.


Bukletdə ümumi məlumatla yanaşı müxtəlif yeməklərin, şirniyyatın, içkilərin hazırlanma qaydaları da verilib.