Təhsilə dəstək

Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Bir sıra xarici təşkilat və şirkətlərin (“World Vision”, “JP Morgan”, “Exxon Mobil”, Rusiyanın “Puşkin kitabxanası” Fondu) Fonda hədiyyə etdikləri müxtəlif  adda çoxsaylı nəşrlər ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evləri və internat məktəblərinin kitabxanalarına paylanmışdır. Bundan əlavə, Fond hər il yeni faydalı nəşrlər hazırlayaraq aidiyyəti üzrə təhsil müəssisələrinə paylayır. 2007-2008-ci illərdə “Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən əyani vəsait kimi 140 adda plakat hazırlanaraq respublikanın ümumtəhsil məktəblərinə paylanmışdır. Tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə ilk dəfə olaraq Azərbaycan dilində müxtəlif fənlər üzrə hazırlanan plakatların hər birindən 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir.


Layihə çərçivəsində təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması həyata keçirilir. 2005-2012-ci illər ərzində respublika üzrə 20-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir. Fond tərəfindən 2008-ci ildə məktəbəqədər müəssisələr üçün nəzərdə tutulmuş müxtəlif mövzulu plakatlar, multimedia diskləri, tablolar, oyun və digər əyani vəsaitlər buraxılmışdır. Bu vəsaitlər mütəmadi olaraq hər il sözügedən müəssisələrə paylanır.


Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir.


2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompyuter tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tiflisdəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbiDmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunaraq istifadəyə verilmişdir.


2010-cu ildə Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbin binası əsaslı təmir edilmişdir. 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun Həsən XocalıCəfərli kəndlərində yeni məktəb binaları inşa edilərək istifadəyə verilmişdir.