004.JPG
6 fevral 2008

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq Heydər Əliyev Fondunda olub

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq fevralın 6-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Hörmətli qonağa Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də elm, təhsil, mədəniyyət, səhiyyə və sair sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Sonra Jak Roqq və onu müşayiət edən şəxslər Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış olmuşlar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurmuşdur. Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotolar, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

 

Jak Roqq xatirə kitabına ürək sözlərini yazdı.

 

Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə Fondun fəaliyyətindən bəhs edən kitab və xatirə hədiyyəsi verildi.


FOTO