2014-cü il dekabrın 8-də Almaniyanın Drezden şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.
Drezdenin “Albertinum” muzeyində keçirilən gecədə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunub. Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanmış kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.
Gecədə iştirak edən qonaqlar “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış olublar.
Tədbirdə Drezden Şəhər Bələdiyyəsinin üzvləri, Saksoniya torpağı parlamentinin deputatları, Drezden Filarmoniyasının direktoru Anselm Roze, Drezden Muzeylər Birliyinin direktoru Qizbert Porstman, şəhərin Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvü Helmut Qolts, Drezden Rəssamlıq Akademiyasının rektoru Matias Flüqe, Drezden Dövlət Muzeyinin direktoru Erika Eşebax, Drezden Operasının direktorluğunun üzvü Solvayq Ekert, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, habelə Saksoniya torpağının müsəlman, pravoslav və yəhudi dini icmalarının rəhbərləri iştirak ediblər.