18 may 2007

BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışı

Mayın 18-də BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.


Birinci xanım Mehriban Əliyeva mərasimdə çıxış edib.


Mehriban Əliyevanın çıxışı:


- Cənab baş direktor,


Xanımlar və cənablar!


Bu gün biz Millətlər Sarayında "Azərbaycan otağı"nı açırıq. İlk növbədə, mən Sizin hamınızı salamlamaq istəyirəm və bu gün burada bizimlə olduğunuza görə minnətdaram.


İdeyamızın həyata keçirilməsində bizə yardım etmiş və bu otağın yaradılmasında iştirak etmiş bütün şəxslərə minnətdarlığımı bildirirəm. Mən bu layihəyə diqqətlə yanaşmış, onu dəstəkləmiş və bizim ünvanımıza xoş sözlər söyləmiş baş direktor cənab Sergey Orconikidzeyə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.


Bu otağı yaratmaqla biz Vətənimizin kiçik bir hissəsini Millətlər Sarayına gətirməyə, öz zəngin mədəni və tarixi irsimizi, eləcə də ənənəvi incəsənətimizi nümayiş etdirməyə çalışdıq. Qədim vaxtlardan Azərbaycan Qərblə Şərqi nəinki çoğrafi, həm də mənəvi baxımdan birləşdirmişdir.


Yüksək dərəcədə dözümlülük, ümumbəşəri dəyərləri milli dəyərlərlə uzlaşdırmaq qabiliyyəti, mədəni və dini müxtəlifliyə hörmət - bütün bunlar Azərbaycan xalqının əsrlər boyu formalaşmış xasiyyətini təşkil edir.


Arzu edirəm bu otaqda müzakirə olunacaq bütün məsələlər və problemlər dözümlülük və qarşılıqlı hörmət əsasında öz həllini tapsın və əminəm ki, tapacaqdır.


Birləşmiş Millətlər Təşkilatının qlobal məramı məhz bütün dünya ölkələrini bir araya gətirmək, sivilizasiyalar və millətlər arasında dialoq qurmaq və hər bir xalqın milli və mədəni ənənələrinə hörmətlə yanaşmaqdan ibarətdir.


Bu gün, biz sülh və təhlükəsizliklə bağlı bir çox problemlər və çağırışlarla üzləşən dünyada yaşayırıq. Münaqişələr, beynəlxalq terrorçuluq, yoxsulluq, xəstəliklər insanların həyatına və daha yaxşı gələcəyə bəslənən ümidlərinə təhlükə olaraq qalır. Biz həmin çağırışlara birgə cavab verməliyik və gələn nəsillər üçün daha yaxşı gələcəyi birgə qurmalıyıq.


Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra çətin anlar yaşamışdır. Müstəqilliyin ilk illərində mövcud olmuş siyasi, iqtisadi və sosial böhran aradan qaldırılmışdır. Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Bu inkişaf hər bir sahədə - siyasi, sosial və iqtisadi sahələrdə müşahidə olunur. Bildiyiniz kimi, artıq üçüncü ildir ki, Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Bu artım 2005-ci ildə 26 faiz, 2006-cı ildə 34 faiz və 2007-ci ilin birinci rübündə isə təqribən 40 faiz olmuşdur.


Bu irəliləyiş, əsasən, ölkənin neft strategiyası nəticəsində mümkün olmuşdur. Qlobal və regional layihələr sayılan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri layihələri uğurla həyata keçirilmişdir və bütün regionun enerji təhlükəsizliyini təmin edir. Bu gün biz neft gəlirlərini iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldirik. Son illər ərzində ölkədə 500 min yeni iş yerləri açılmışdır. Yeni kənd təsərrüfatı və sənaye müəssisələri yaradılır, yeni yollar və şosselər çəkilir.


Bu gün biz gənclərimizin təhsilinə xüsusi diqqət yetiririk, təhsil sisteminə böyük sərmayələr yatırırıq. Hesab edirəm ki, gənc nəsillərin gələcəyinə qoyulan sərmayə ən yaxşı sərmayədir. Sosial problemlərin həllinə xüsusi diqqət yetirilir. Səhiyyə sisteminin təkmilləşdirilməsi haqqında Dövlət proqramı tərtib olunub və həyata keçirilir.


Yoxsulluğun səviyyəsi kəskin şəkildə - 49 faizdən 20 faizə düşmüşdür və bu proses davam edir. Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının rahat və firavan həyatını təmin etmək üçün bütün tədbirlər görülür.


Lakin eyni zamanda, bizim problemlərimiz də var. Azərbaycanın üzləşdiyi ən böyük problem on beş ildən çoxdur ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsidir. Bu münaqişə nəticəsində ölkədə 1 milyon qaçqın və məcburi köçkün var.


Biz qoşunların ərazimizdən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yüksək dəyərləndiririk. Təəssüf ki, həmin qətnamələr hələ də yerinə yetirilməmişdir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır. Lakin bu günə qədər aparılan danışıqlar prosesi heç bir nəticə verməmişdir. Bu çətinliklərə baxmayaraq, həmin illər ərzində biz məsələnin beynəlxalq hüququn normaları və prinsipləri, o cümlədən Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həllinin tərəfdarı olmuşuq və bu gün də tərəfdarıq. Ümid edirəm ki, bu münaqişə tezliklə öz ədalətli həllini tapacaq və bizim həmvətənlərimiz öz yurdlarına qayıdacaqlar.


Hörmətli dostlar!


Bu gün əlamətdar bir gündür. Xatirimdədir ki, üç il bundan əvvəl, Azərbaycan Prezidenti Millətlər Sarayına gələrkən, biz burada "Azərbaycan otağı"nın açılması ilə bağlı təşəbbüsü cənab Baş direktorla müzakirə etdik.


Mən bu layihəyə diqqəti və dəstəyinə görə cənab baş direktora bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu gün çox şadam ki, Millətlər Sarayında Vətənimizin bir kiçik hissəsi var.


Mən hamınıza sülh, tərəqqi və səadət arzulayıram. Sağ olun.