02_prezident-safar-qax-balakan-zaqatala-maktab.jpg
17 avqust 2013

Prezident İlham Əliyev Zaqatalada Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatalada Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.


Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.


Məlumat verildi ki, məktəbin köhnə binası 2012-ci il mayın 7-də Zaqatalada baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyündən sökülmüşdü. Həmin il sentyabrın 9-da məktəbin yeni binasının təməli qoyulub və tikinti işləri cari ilin avqustunda tam başa çatdırılıb.


600 şagird yerlik məktəb binasının korpusları iki və üçmərtəbəlidir. Müasir üslubda, xüsusi dizaynla inşa olunan binanın ümumi sahəsi 4 min 520 kvadratmetrdir. Məktəbin həyətində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. Həyətyanı sahə genişləndirilib və abadlaşdırılıb.


480 şagirdin təhsil aldığı məktəbin binası 9 bal gücündə zəlzələyə davamlıdır. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılıb. Bina müasir havalandırma sistemi ilə təchiz olunub. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılıb.


Prezident İlham Əliyev informatika otağında yaradılan şəraitlə tanış oldu. Buradakı bütün kompyuterlər internetə qoşulub. Məktəbin akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb.


Təhsil ocağında müasir idman zalı da yaradılıb. Kitabxanada üç mindən çox vəsait toplanılıb. Məktəbin həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılıb. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları var.


Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.


FOTO

VİDEO