1.gif
10 sentyabr 2013

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin Şəmkir filialı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı Oksford məktəbinin Şəmkir filialı ilə tanış olub.


Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində 2010-cu ilin noyabrında fəaliyyətə başlamış Bakı Oksford məktəbinin Şəmkir filialında hazırda 231 şagird təhsil alır. Məktəbin məzunları Azərbaycan Respublikasının attestatı ilə yanaşı, Kembric Universitetinin orta təhsil haqqında sertifikatını da əldə edirlər. Məktəbdə tədris ingilis dilində aparılır. Burada təhsil məktəbəqədər hazırlıq, ibtidai siniflər, orta məktəb və yuxarı məktəb mərhələləri üzrə keçirilir. Bununla yanaşı, təhsil ocağında beynəlxalq ikiillik “A-level” proqramları keçirilir. Bu proqramları bitirən şagirdlər beynəlxalq imtahanlarda müsbət qiymətlər aldıqda Britaniyanın müxtəlif universitetlərinə daxil ola bilərlər.


Prezident İlham Əliyev Bakı Oksford məktəbinin Şəmkir filialının yataqxanasına da baxdı.


Məlumat verildi ki, bu yataqxanada Şəmkirlə yanaşı, Gəncə, Gədəbəy, Ağstafa, Tovuz, Qazax rayonlarından olan uşaqlar da qalacaqlar. Bundan başqa, şagirdlərin məktəbə rahat gediş-gəlişi üçün 5 nəqliyyat vasitəsi var. Yataqxana binasının sahəsi 4 min kvadratmetrdir. Burada 90 şagird və 9 müəllimin qalması üçün lazımi şərait yaradılıb. Yataqxananın birinci və ikinci mərtəbələri oğlanlar, üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulub. Burada elektron kitabxana, idmanla məşğul olmaq üçün müxtəlif qurğular, art-studiya, kino zalı var. Uşaqlar gün ərzində üç dəfə yeməklə təmin olunacaqlar. Yataqxanada xüsusi təlim almış işçi heyət çalışacaq.


Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi.


FOTO

VİDEO