2.jpg
15 sentyabr 2023

Sabirabadın Narlıq kənd tam orta məktəbinin binası Bilik Günündə qapılarını şagirdlərin üzünə açdı

Heydər Əliyev Fondu tərəfindən inşa olunan Sabirabad rayonu Narlıq kənd Ə.Səmədov adına orta məktəbin binası Bilik Günündə istifadəyə verilib.

 

Kənddə 1975-ci ildə inşa olunan məktəb binası istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən bu ilin əvvəlində yeni binanın inşasına başlanılıb. İkimərtəbəli yeni məktəb binası 300 şagird yerlikdir və 4 korpusdan ibarətdir. Yeni tədris ilini tam təmirli məktəbdə başlayan şagird və müəllimlərə keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb.

 

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə müasir standartlara cavab verən fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları və açıq idman meydançası yaradılıb. Həmçinin məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Elvin Rüstəmov, regional təhsil şöbəsinin əməkdaşları və məktəbin adını daşıdığı, rayonun ilk şəhidi, polis leytenantı Əhmədağa Səmədovun həyat yoldaşı Lətafət Səmədova çıxış ediblər.

 

Çıxışlarda dövlətimizin təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışılıb. Bildirilib ki, 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 23, Heydər Əliyev Fondu tərəfindən isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur. Bu ilin sonunadək Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 8 təhsil müəssisəsinin açılışı planlaşdırılır.


FOTO