Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində əsaslı təmir olunub. 2011-ci il oktyabrın 18-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yenidənqurmadan sonra gimnaziyanın açılışında iştirak edib.
Gimnaziya bir tədris korpusu, iki yataqxana binası, yeməkxana və yardımçı binalardan ibarətdir. 700 yerlik gimnaziyada əyani vəsaitlərlə, müasir avadanlıqlarla təchiz olunmuş 38 sinif otağı, multimedia və fənn kabinetləri, 2 kompyuter sinfi, kimya, fizika laboratoriyaları, kitabxana, idman və akt zalları vardır.
İki yataqxana binasında ümumilikdə 48 yataq otağı, dərsdənkənar məşğələ sinifləri, tibb məntəqəsi, istirahət guşələri vardır.
Gimnaziyanın həyətində süni örtüklü futbol, basketbol və voleybol meydançaları yaradılmış, müxtəlif idman avadanlıqları quraşdırılmışdır.