11 oktyabr 2012

Rusiyada Azərbaycana həsr edilən “Nar damcıları” adlı rəsm sərgisi açılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiya Dövlət Humanitar Universitetinin sərgi salonunda Azərbaycana həsr edilən “Nar damcıları” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.


Sərgidə nümayiş olunan rəsm əsərlərinin müəllifləri universitetin bu ilin yayında Azərbaycana səfər etmiş müəllim və tələbələridir.


Açılış mərasimində Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar çıxış edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsində belə sərginin ilk dəfə təşkil olunduğunu bildirmişdir. Rektor demişdir ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hər sahədə yüksələn xətt üzrə inkişaf edir. Mədəni əlaqələrin möhkəmləndirilməsində bu cür tədbirlərin əhəmiyyətini qeyd edən Y.Pivovar universitetdə gələcəkdə də belə sərgilərin keçiriləcəyini vurğulamışdır.


Rektor universitetin müəllim və tələbələrinin Azərbaycana səfərinin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevaya təşəkkürünü bildirmişdir.


Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin yarandığı gündən müxtəlif layihələri həyata keçirdiyini və bu layihələrin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə yönəldiyini vurğulamışdır.


Digər çıxış edənlər də sərginin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirmiş, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin bu cür layihələri həyata keçirməsini yüksək qiymətləndirmişlər.