QABALA-FESTIVAL-YEKUN.JPG
5 avqust 2012

Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatıb.


13 gün davam edən konsertdə Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.


Festival London Royal Filarmonik Orkestrinin solistlərinin çıxışı ilə başa çatıb. İki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi orkestri pianoda Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə, violonçeldə Dmitri Yablonski, saksofonda Teymur Süleymanbəyli, klarnetdə Xalq Artisti Şükür Səmədov müşayiət ediblər.


Konsert ABŞ bəstəkarı Leonard Bernstaynın “Kandid” operasından uvertüra ilə başlayıb. Orkestrin solistləri konsertin ikinci hissəsini bütövlükdə ABŞ bəstəkarı Corc Gerşvinin yaradıcılığından nümunələrə həsr ediblər.


Sonra “Qafqaz Resorte” otelində festivalın başa çatması münasibətilə təşkil edilən ziyafətdə gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi, Əməkdar Artist İsfar Sarabskinin ifası dinlənilib.


VİDEO