003.jpg
11 fevral 2013

Bakıda III Respublika muğam müsabiqəsi başlayıb

Fevralın 11-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə III Respublika muğam müsabiqəsinin açılış mərasimi və ilkin seçim turu keçirilib.


Açılış mərasimində müsabiqənin ilkin mərhələsinin yekunları barədə məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər öz CV-lərini və videoyazılarını DVD formatında tədbirin təşkilatçılarına göndəriblər. Göndərilən lent yazılarından 18-i münsiflər heyəti tərəfindən bəyənilərək seçim turuna buraxılıb.

 

Açılış mərasimində mədəniyyət və turizm naziri Əlülfəs Qarayev və təhsil naziri Misir Mərdanov çıxış edərək ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından, bu nadir musiqi janrının dünyada tanıdılmasında belə müsabiqələrin əhəmiyyətindən danışıblar. Bu baxımdan ən qədim musiqi alətlərimizdən olan tar ifaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi xüsusi vurğulanıb, muğamın və milli musiqi alətlərimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun xidmətləri yüksək qiymətləndirilib.

 

Daha sonra püşkatma keçirilmiş, iştirakçıların ifa ardıcıllığı məlum olub.

 

Üçüncü Respublika muğam müsabiqəsinin əvvəlkilərdən fərqi ondan ibarətdir ki, bu yarışmada həm də instrumental ifaçılar arasında seçim aparılır. Seçim turlarında 23 nəfər instrumental ifaçı iştirak edəcək.

 

Müsabiqənin birinci seçim turu fevralın 11-12-də keçiriləcək. Bu mərhələdən keçənlər fevralın 13-də keçiriləcək ikinci turda çıxış edəcəklər. İkinci turda həm xanəndələrdən, həm də instrumental ifaçılardan 3 nəfəri qalib seçiləcək. Qaliblərin adları fevralın 15-də keçiriləcək qala-konsertdə açıqlanacaq.

 

Birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 5000, 3000 və 1000 manat mükafat veriləcək.

 

Qaliblər bu ilin martında keçiriləcək “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanacaqlar.

 

Xanəndələr Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadədən ibarət münsiflər heyəti tərəfindən seçilir.

 

İnstrumental ifaçıları isə xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov və digərləri seçirlər.



FOTO