1.jpg
19 iyun 2023

"Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi keçirilir

İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub.

 

Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib.  Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan  tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.

 

Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir.  Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır.

 

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.

 

Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər.

 

İyunun 20-də keçiriləcək müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil ediləcək. Qeyd edək ki, dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək.  Müsabiqənin ikinci turu iyunun 21-də keçiriləcək.

 

Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək.  Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də “Qran Pri” üzrə mükafatlar təqdim ediləcək. 

 

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. 


FOTO