2.JPG
24 iyun 2023

Beynəlxalq Musiqi Festivalında “Muğam hekayətləri” təqdim olunub

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 24-də Azərbaycan Milli Konservatoriyasında təşkil olunub.

 

“Muğam hekayətləri” layihəsi adlandırılan konsertdə Azərbaycanın tanınmış xanəndəsi Xalq artisti Teyyub Aslanov və caz pianoçu Nicat Aslanov çıxış ediblər. Konsertdə, eyni zamanda, ifaçıları tarda Əliağa Sədiyev, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Tofiq Cabbarov və Həsən Bilalov müşayiət ediblər. Proqramda dinləyicilərə Azərbaycan muğamlarının modern caz musiqisi ilə sintezi təqdim olunub.

 

Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən xanəndə, Xalq artisti Teyyub Aslanov festival barədə öz təəssüratlarını bölüşüb: “Çox qürurvericidir ki, artıq neçə illərdir belə gözəl layihələr həyata keçirilir. Bütün təşkilatçılara, başda Heydər Əliyev Fondu olmaqla, həmçinin Mədəniyyət Nazirliyinə bu təşəbbüsə görə təşəkkürümüzü bildiririk. Festival çərçivəsində yüksək səviyyədə muğam müsabiqəsi də keçirildi. Bu gün burada muğamla cazın möhtəşəm sintezinin şahidi olacaqsınız”, - deyə T.Aslanov vurğulayıb.

 

Qeyd edək ki, “Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, xanəndə, Xalq artisti Teyyub Aslanov 1995-ci ildən Azərbaycan muğam üçlüyü və müxtəlif ansamblların tərkibində bir çox xarici konsert və festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Muğam sənəti” kafedrasının müdiridir.

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin məzunu Nicat Aslanov isə istedadlı caz ifaçısıdır. O, cazın müxtəlif janrlarında maraqlı kompozisiyalar təqdim edir. İfaçının 2012-ci ildə Bakı Caz Mərkəzində ilk çıxışı olub. Eyni zamanda, bir çox yerli, eləcə də xarici konsert və festivallarda ifa edib.

 

Xatırladaq ki, iyunun 18-dən başlayan “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.


FOTO