2014-cü il noyabrın 26-da Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Bakı-2015”birinci Avropa Oyunlarının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbir çərçivəsində Azərbaycana aid fotosərgi və “Bakı-2015”ə həsr olunmuş “Biz birlikdə” adlı sərgi təşkil olunub. Bürünc heykəllərdən ibarət sərgidə Azərbaycanın 20-dən çox heykəltəraşının əsərləri nümayiş etdirilib. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Fransanın şəhər, gənclər və idman naziri Tierri Brayar, Fransa Milli Assambleyasının üzvü, ikiqat Olimpiya çempionu David Dövile mərasimdə çıxış ediblər.
Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub.
Fransanın ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimlərinin qatıldığı tədbir Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin skripkaçı xanımlardan ibarət qrupunun konsert proqramı ilə davam edib.