Rixard Vaqner
Mənim həyatım
102
edirdim. Tezliklə orkestri tam idarə etdiyimdən əmin oldum. Ən yaxşı musiqiçilər
mənə rəğbətlə yanaşmağa başladılar. Musiqiçilər sonlara yaxın inanılmaz sürətli
templə səsləndirməyə məcbur etdiyim uvertüraları şişirdilmiş şəkildə ifa edərkən
çox zaman auditoriyanın qulaqbatırıcı alqışlarını qazanırdıq. Beləliklə, mənim
alovlu, hətta ifrat səylərim həm musiqiçilərin simpatiyasını qazanmağa, həm də
auditoriya tərəfindən qəbul olunmağıma kömək oldu. O vaxtlar Maqdeburq-
da teatr rəyçiliyi çox inkişaf etmədiyi üçün mənim barəmdə ümumi razılıq ən
xoş və həvəsli formada ifadə olunurdu. Maqdeburqda dirijorluq etdiyim ilin ilk
rübündə qürurumu oxşayan bir şeyi dərk etdim: mən əsl opera matadoru idim.
Bu vəziyyətdə xüsusi uğur qazanacağımı əvvəlcədən görən və mənə ürəkdən sim-
patiya bəsləyən rejissor Şmale yeni il tədbiri təşkil etdi. Bu tədbirə musiqini mən
yazmalı idim. Bu işin öhdəsindən həddindən artıq tez gəldim. Gurultulu uvertüra,
bir neçə melodram və xor uğurlu alındı, bayramdan kənar vaxtda auditoriyanın
razılığını qazandı. Ona görə bu yeni il salamlamasını, yeni il tamaşasını bir daha
müvəffəqiyyətlə təkrarladıq.
Bu vaxt (1835) həyatımın qərarvermə anı, dönüş nöqtəsi idi. Minna ilə Ru-
dolştadtda əlaqələrimizi kəsib, bir-birimizi gözdən itirdik. Lakin Maqdeburq-
da görüşdükdə soyuq və qəsdən laqeyd münasibətləri bərpa etdik. Öyrəndim
ki, Minna keçən il burada gözəlliyi ilə hamının, xüsusilə, bir neçə gənc aristok-
ratın diqqətini cəlb edib və onların ziyarətlərinə laqeyd qalmayıbmış. Düzdür,
onun mövqeyi daima ədəbli və ciddi davranışına görə ləkələnməmişdi, lakin
bəlkə də Paxtanın evindəki əzablarıma görə bu tip tanışlıqlara antipatiyam get-
gedə kəskinləşmişdi. Hərçənd, Minna bu cənabların özlərini bürger sinfinin teatr
həvəskarlarından, xüsusilə, bəzi gənc kapelmeysterlərdən daha nəzakətli apardıq-
larını desə də, məndə onun davranışının bu xüsusiyyətindən yaranan xoşagəlməz
duyğuları və qıcığı aradan götürə bilmirdi. Beləliklə, biz üç kədərli ayı başa vur-
duq. Bu vaxt ərzində mən müəyyən qədər ümidsizlikdən doğan anlaşılmazlıqla
ən səthi münasibətlərin gözəlliyinə aldanır və özümü elə açıq şəkildə sağa-sola
vururdum ki, sonradan etiraf etdiyinə görə, Minnanın mənə yazığı gəlir, ciddi na-
rahatlıq keçirirdi. Operanın qadın heyətinin diqqətindən qıtlıq çəkmədiyim üçün
və elə də yaxşı reputasiyası olmayan bir gənc xanımın məni öz toruna salmaq
cəhdlərini görən Minna qorxudan qəti qərar qəbul etməli idi. Yeni il ərəfəsində
opera heyətimizin seçilmiş üzvlərinə punş və ilbiz qonaqlığı vermək qərarına
gəldim. Evli kişilər xanımları ilə birlikdə dəvət edilmişdilər və yeganə çətinliyim
subay freylen Planneri tədbirimə gəlməyə razı salmaq idi. O, təklifimə çox sadə
şəkildə razılıq verdi və tezliklə səs-küylə dolan subay otağıma həmişəki kimi
səliqəli və mədəni geyimdə təşrif buyurdu. Ev sahibi evində çıxacaq fırtına barədə
əvvəlcədən xəbərdar edilmişdi və yalnız hər hansı maddi zərərin ödəniləcəyini
vəd etdikdən sonra sakitləşmişdi. Şampanın edə bilmədiyini punş tamamladı.