171
Rixard Vaqner
Mənim həyatım
98
Nəticə özünü çox gözlətmədi. Məhz Parisdəki pərişan vəziyyətimin bütün
dəhşətlərini daha aydın dərk etməyə başladığım və getdiyim yolda, hər hansı bir
uğura ümidimi itirdiyim vaxt elə bir əsər yaratmaq qərarına gəldim ki, mənə dərin
mənəvi rahatlıq bəxş etsin. İlkin plana görə eyni adlı simfoniyanın ilk hissəsini
təşkil etməli olan “Faust” uvertürasının ilk cizgilərini atdım. Bu simfoniyanın
ikinci hissəsi üçün fikrimdə Qrethenin xüsusiyyətlərini nəzərdə tutmuşdum. Bu,
həmin o əsər idi ki, az sonra boş buraxdım, yalnız on beş il sonra Listin təkidi ilə
ayrı-ayrı hissələr şəklində yazdım və bir neçə dəfə auditoriya qarşısında ifa etdim.
O, “
Eine Faust-Ouverture”
adı ilə məşhurdur. O vaxt bu cür əsəri konservatoriya
orkestrinin konsertlərindən birinin proqramında görmək kimi şöhrətpərəst ar-
zum var idi. Lakin konservatoriyada hesab edirdilər ki, mənə kifayət qədər diqqət
göstəriblər və bir müddətliyinə məndən canlarını qurtarmaq istəyirdilər.
Heç yerdə uğur qazanmayaraq əlbəttə, yenidən Meyerberə müraciət edib eh-
tiyacım olan ifaçılara tövsiyə məktubu yazmasını xahiş etdim. Meyerber Berlindən
məni Parisdəki əsas agenti olan Quen adlı qəribə poçt məmuruna yönləndirəndə
təəccübləndim. Bu adam mənim arzularımı təmin etmək üçün bütün təlimatlarla
təchiz olunmuşdu. Bu yolla, Meyerber məni əvvəlcə adını çəkdiyim
Renaissance
teatrının direktoru Antenor Jolinin yanına göndərdi. Quen bu adamdan şübhəli
dərəcədə asan şəkildə bircə tərcüməsi qalan “Sevgi qadağası”nın səhnələşdirilməsi
üçün vəd ala bilmişdi. Əsərimin bir neçə nömrəsinin sınaq ifasını teatr komitəsinin
mühakiməsinə təqdim etmək lazımdı. Mən tərcümə olunmuş nömrələri öyrənmək
üçün bu teartın artistlərinə verməyə icazə istəyəndə təəssüflə hazırda ifaçıların
həddindən artıq çox işlə yükləndiyini bildirib rədd cavabı verdilər. Quen burada
da köməyə yetdi. O, “maestro”dan aldığı səlahiyyətlərlə Meyerberə xüsusilə borc-
lu olan bir neçə ifaçıdan razılıq aldı. Kiçik əsərlərimlə bağlı uğursuz cəhdlərimdən
tanıdığım Böyük operanın primadonnası M-me Dorus-Gras, m-me Widman və
cənab Düpon bu sınaqlarda iştirak etməyə söz verdilər.
1840-
cı ilin Pasxa bayramı ərəfəsində, altı ay keçəndən sonra işlərim bu yerdə
idi. Bu vədlərdən yaranan və ən əsası, Lersin cürətli məsləhətlərindən doğulan,
son dərəcə sanballı görünən ümidlərə əsaslanaraq riskli addım atmaq qərarına
gəldim. Qaranlıq, tanınmayan
quartier des İnnocets
dən şəhərin sənət aləmi ilə
daha çox əlaqəli digər hissəsinə köçməyi qərarlaşdırmışdım. Bunun mənim üçün
nə demək olduğu və bu cəsarətli addımın hansı şəraitdə atıldığı, yalnız həmin
vaxta qədər Parisdəki həyatımızı necə vəziyyətdə keçirdiyimiz barədə təfərrüatlı
məlumat verdikdən sonra məlum olacaq.