173
Rixard Vaqner
Mənim həyatım
dalıb tamaşaçıların atdığı paltarları və müxtəlif əşyaları çıxardanda ətrafına
heyrətlərini bildirən çoxlu adam yığırdı. İş o yerə çatdı ki, polis bizə müraciət edib
iti buradan aparmağımızı və camaatı başımıza yığmamağı xahiş etdi. Bir səhər
adətimiz üzrə Robberi küçəyə gəzməyə buraxdım. O vaxtdan it itkin düşdü. Onu
tapmaq üçün bütün cəhdlərim, tələlərim nəticə vermədi. Bu itki ətrafdakılara görə
bizim üçün əsl xoşbəxtlik olmalı idi. Çünki hamı özümüzün ağır şəraitdə yaşama-
ğımıza baxmayaraq böyük bir iti də yedizdirməyimizə təəccüblənirdi.
Həmin vaxt – köçməyimizdən təxminən ay yarım sonra – bacım Luiza
Leypsiqdən Parisə gəldi. Əri Fridrix Brokhauz onu çoxdan burada gözləyirdi. On-
lar İtaliyaya səyahət etməyə hazırlaşırdılar və Luiza çoxlu dəbdəbəli şey almaq
üçün Parisdə olmağından istfadə etdi. Onların hamının ağılsızlıq hesab etdiyi
Paris qərarımıza görə məsuliyyət hiss etməmələri, bizə canlarının yanmamağını
yaxşı anlayırdım. Buna baxmayaraq üzümə razılıq və maddi cəhətdən təmin olun-
muşluq maskası geyinməsəm də, onlarla qohumluq əlaqələrimdən heç bir səmərə
əldə etməyi də düşünmürdüm. Hətta Minna o qədər yaxşı idi ki, bacıma qayğıla-
rına və yorucu bazarlıqlarına kömək də edirdi. Ancaq hər ikimizi bircə şey nara-
hat edirdi: imkanlı qohumlarımızı onların mərhəmətlərini oyatmağa çalışdığımız
şübhəsini verməyək.
Əvəzində bacım mənə tezliklə bütün işlərimdə təşəbbüskarlıq göstərən
bir adamla özünəməxsus tanışlığımın yaranmasına kömək etdi. Bu, drezdenli
gənc rəssam Ernst Kitts idi. O, çox səmimi, mehriban və sadə adam idi. Rəngli
karandaşlardan istifadə edərək böyük rahatlıqla çəkdiyi istedadlı portretləri
vətənində elə şöhrət qazanmışdı ki, uğurlarından ilhamlanmış rəssam isteda-
dını mükəmməlləşdirmək üçün Parisə yola düşmüşdü. O, artıq bir ilə yaxın idi
ki, Parisdə yaşayır və Delaroşun emalatxanasında işləyirdi. Yaxınlaşdıqca mən
təəssüflə əmin olurdum ki, ona xas olan qəribə, bir qədər uşaqsayağı dalğınlıq, cid-
di təhsilin olmaması və qeyri-adi xarakter zəifliyi, seçdiyi yol şübhəsiz, istedadına
baxmayaraq mütləq məhvə aparırdı onu. Hələlik bu uşaq kimi sadəlövh adamla
ünsiyyət mənə və kasıb, çox vaxt tənha arvadıma son dərəcədə xoş gəlirdi. Ürəkdən
gələn yaxşılığı, saflığı və səmimi sədaqəti sayəsində dəstəyə ehtiyacım olduğu ən
pis anlarda ondan əhəmiyyətli kömək alırdım. Kitts bizim axşam dərnəyimizə
üzv qəbul olmuşdu. O, hər şeydən qorxan qoca Anderslə ciddi, müsbət Lers
arasında hər baxımdan çox qəribə təəssürat oyadırdı. Fövqəladə mehribanlığı,
təvazökarlığı, şənliyi və çox vaxt son dərəcədə komik hoqqaları tezliklə onu bizim
üçün vacib birinə çevirdi. Xüsusilə, onun böyük inadla, utanıb-çəkinmədən fran-
sız dilində uzun müzakirələrə girmək cəhdləri məzəli olurdu. Halbuki o, Fransada
keçirdiyi iyirmi ildən sonra belə iki sözü yan-yana demək dərəcədə dil öyrənə
bilməmişdi. Dostumuz Delaroşun yanında yağlı boya texnikasını öyrənirdi. Gö-
rünür, o bu sahədə də əhəmiyyətli istedad nümayiş etdirmişdi. Lakin məhz bu