Rixard Vaqner
Mənim həyatım
24
2
Uşaqlığımın erkən xatirələri atalığım və onun vasitəsilə teatrla bağlıdır. Xa-
tırladığım qədərilə o, məndə rəssamlıq istedadı aşkarlamaq və inkişaf etdirmək
istəyirdi. Onun molbertlər və rəsmlərlə dolu iş otağı mənə həqiqətən müəyyən
təsir göstərmişdi. Yadımdadır, bir dəfə mən uşaqlara xas olan təqlid istəyilə
onun çəkdiyi Saksoniya kralı Fridrix-Avqustun portretinin surətini köçürmək
istəmişdim. Lakin iş məsum boyamalardan ciddi rəsm dərslərinə keçəndə mən
səbr etmədim: çox güman, dözülməz dərəcədə darıxdırıcı adam olan müəllimimin
xırdaçılığı məni qorxutmuşdu. Uşaqlığımın ilk erkən çağlarında uzun müddət cid-
di xəstəlikdən əziyyət çəkmişəm. Bu xəstəlik məni o qədər haldan salmışdı ki, ana-
mın dediyinə görə, o, məni artıq ölülərin siyahısında hesab edir və hətta, demək
olar, ölməyimi belə istəyirmiş. Amma valideynlərimin təəccübünə rəğmən sonra-
dan sağalmışam. Bax, elə bu vaxtlar atalığım mənə həqiqətən nadir rast gəlinən
qayğı və şəfqət göstərib. Ağır və ardıcıl ailə qayğılarına baxmayaraq o, ruhdan
düşmür, bir dəqiqə belə ümidsizliyə qapılmır, dözümünü itirmir və məni yenidən
ayağa qaldıracağına ümid bəsləyirdi.
Teatrla erkən tanışlıq təxəyyülümə güclü təsir göstərmişdi. Əlbəttə, səhnəyə
giriş-çıxışı olan sirli teatr lojası, aktyorların otağı, fantastik kostyumlar, qrim üçün
xarakterik əşyalar, teatr maşınları və dekorasiya aparatları da öz sözünü deyir-
di. Lakin teatrla erkən əlaqəm bununla bitmədi. Tezliklə mən nəinki tamaşaçı,
həm də “aktyor” qismində teatr tamaşalarının iştirakçısı oldum. Atalığımın mənfi
qəhrəmanları oynadığı “Yetim və qatil” və “İki dustaq” kimi canıma qorxu və
əsməcə salan melodramalar seriyasından sonra özüm də səhnədə bir neçə kome-
diyada çıxış etdim. Yadımdadır, Saksoniya kralının şərəfinə “Elba yaxınlığındakı
üzümlüy”ü kapelmeyster Veberinmusiqisi ilə səhnələşdirmişdilər. Bu pyesdəmən
canlı rəsmdə, əynində triko, kürəyində qanadları olan, öyrənmək və mənimsəmək
üçün çoxlu əmək sərf etdiyim zərif pozada dayanmış mələyi təsvir edirdim. Bu
hadisə mənim xatirəmdə böyük şəkərli krendellə qalmışdı. Məni inandırmışdı-
lar ki, bu krendel kralın şəxsən mənə göndərdiyi hədiyyədir. Sonra yadımdadır
ki, Kosebunun “Menschenhass und Reue” pyesində artıq bir neçə sözü olan uşaq
rolunu ifa elədim. Məktəbdə dərslərimi hazırlamadığım üçün “Menschenhass
und Reue” pyesindəki böyük rolun sözlərini əzbərləməklə məşğul olduğumu da
bəhanə gətirmişdim.