337
Rixard Vaqner
Mənim həyatım
tərəfdən Drezden səhnəsində bu cür əsərin səhnəyə qoyulması qəti mümkünsüz
idi. Özümdə bu işlə məşğul olmaq cəsarəti tapmaq üçün bizim teatr üçün nəsə
etmək cəhdlərində tamməyus olmaq lazım idi. Bu baxımdan, Drezdendən kənarda
nəsə etmək perspektivinə soyuq laqeydliklə yanaşırdım. Əvəzində, “Loenqrin”in
layiqli quruluşuna ümid edə bilərdim, bununla kifayətlənməyi qərara aldım. Öz
növbəsində, fon Lütihauya da partituranı bitirdiyimi bildirdim, amma aramızdakı
münasibətləri əsas gətirərək yazdım ki, səhnələşdirmə barədə məsələni istədiyi
kimi çözməkdə sərbəstdir.
Bu arada başqa bir məqam yetişdi: kral musiqi kapellasının arxiv müdiri
kapellanın yaranmasının üç yüzilliyinin yaxınlaşdığını və beləliklə, yubileyin bay-
ram olunmalı olduğunu xatırladı. Teatrda təntənəli böyük konsert təşkil olundu,
orada kapella yaranandan bəri bütün sakson kapelmeysterlərinin kompozisiyaları
ifa olundu. Hər iki kapelmeysterin rəhbərliyi ilə musiqiçilər Pilnitsdə kral üçün
təbrik şənliyi düzənlədi. Bununla yanaşı, onlardan biri vətəndaş xidmətlərinə görə
Sakson ordeni cəngavəri adına layiq görüldü. Bu, musiqiçi həmkarım Reysiger idi.
Saray da, intendant da onu yüksək qiymətləndirmirdi, amma məndən fərqli ola-
raq, o, bu qarışıq zamanda nümayişkarənə loyallığı ilə hakimiyyətə yaraya bildi.
Konsert günü öz qeyri-adi ordenini taxıb səhnəyə çıxanda zalı dolduran elə özü
qədər loyal publika onu alqışlarla qarşıladı. Onun “İelva” operasının uvertürasını
tamaşaçılar müəllifin vərdiş etmədiyi şövqlə qarşıladılar, halbuki, ən gənc kapel-
meysterin yaradıcılıq nümunəciyi kimi təqdim olunan “Loenqrin”in birinci finalı
mənim adət etmədiyim soyuqluqla qarşılandı. Konsertdən sonra ziyafət oldu, ora-
da çox şeydən danışıldı. Orada çox sərbəst şəkildə kapellanı mükəmməlləşdirmək
üçün atılmalı addımlar barədə düşüncələrimi söylədim. Ziyafətdə iştirak edən
və yubileyə sabiq Drezden musiqi direktoru kimi dəvət alan Marşner dedi ki,
musiqiçilər barədə hədsiz yüksək rəydə olmağım asanlıqla mənə ziyan vura bilər.
O bildirirdi ki, mən yalnız öz ifa etdikləri alətləri tanıyan bu qədər savadsız adam-
larla işlədiyimi nəzərə almıram, incəsənətin vəzifələri barədə söhbətlərimlə on-
ların beynini qarışdıra və çaşdıra bilərəm. Amma Veberin xatirəsinin sakitcə yad
olunması məndə müqayisə olunmayacaq dərəcədə xoş təəssürat yaratdı: yubiley
gününün səhəri qəbristanlıqda təşkil olunan bu tədbir mərhumun məzarına əklil
qoymaqla başa çatdı. Burada heç kəs nitq demədi və yalnız Marşner mərhum us-
tadın xatirəsinə bir neçə quru, formal səslənən cümlə söylədi ki, buna görə də, bir
neçə səmimi sözlə içərimdəki hissləri ifadə etmək məcburiyyəti hiss elədim.