Rixard Vaqner
Mənim həyatım
378
247
Amma bizim yaşamaq üçün vasitəni necə əldə edəcəyimizlə bağlı problem
yaranmışdı. Mənim Sürixdə ictimai mühazirə oxumağımla bağlı ideyanı Minna
qəti etirazla qarşıladı. O, yalnız bir planı, Listin təklif etdiyi ideyanı dəstəkləyirdi:
Parisdə opera bəstəkarı qismində çıxış etmək. Onu sakitləşdirmək üçün mən dos-
tum List və onun katibi Belloni ilə yazışmalara başladım. Nəsə qərar qəbul etmək
zəruri idi və mən Sürix musiqi cəmiyyətinin orkestrini idarə etmək təklifilə razılaş-
dım. Orkestr kiçik, kasıb idi və mən Bethovenin A-dur simfoniyasını əzbərlətmək
üçün xeyli əziyyət çəkməli oldum. Amma biz onu böyük uğurla ifa etdik. Beş
napoleondor qonorar aldım. Arvadım bu konsertdən kədərləndi, çünki yaxın
keçmişdəki zəngin şərait və məndən böyük əziyyət tələb etməyən, yaxşı qazanc
gətirən Drezden konsertləri yadına düşmüşdü. Əlverişli şərait yaranan kimi, o,
artist prinsipiallığını nəzərə almadan, hər dəfə eyni məsələyə qayıdırdı: Parisdə
mümkün parlaq karyera. Parisə səyahət, orada yaşamaq üçün lazım olan vəsaiti
haradan əldə edəcəyim bəlli deyildi və mən yenidən məni o zaman məşğul edən
bədii-estetik mövzulara daldım. Amansız ehtiyacla mübarizə aparmaq, günəşdən
məhrum kiçik otaqda donmaq lazım gəlirdi. Qışın noyabr və dekabr ayları ərzində
mən kifayət qədər irihəcmli əsər olan “Gələcəyin incəsənəti”ni bitirdim. Minna
mənim bu məşğuliyyətimə etiraz etmirdi, çünki birinci broşürüm uğur qazanmış-
dı və mən ikinci daha böyük əsərim üçün də müvafiq qonorar alacağıma ümid edə
bilərdim.
Beləliklə, mən bir müddət nisbi sakitlikdən yararlandım, özü də həmin
vaxt ən çox Lüdviq Feyerbaxın vacib əsərlərinin mütaliəsi məni özünə çəkirdi.
Fəlsəfənin dərinliklərinə baş vurmaq arzusu məndə çoxdan yaranmışdı, bu,
Bethovenin “Doqquzuncu simfoniya”sının mistik təsiri altında musiqinin dərin
əsaslarına nüfuz etmək arzusu kimi bir şey idi. Bu istiqamətdə ilk cəhdlərim
qəti uğur gətirmədi. Leypsiqdəki professorlardan heç birinin fəlsəfə və məntiq
mühazirələri məni təmin etmədi. Laubenin dostu Qustav Şlezingerin tövsiyyəsi ilə
Şellinqin “Transendental idealizm barədə” kitabını tapdım, amma əbəs yerə onun
ilk səhifələri üzərində baş sındırarakən, mən hər dəfə “Doqquzuncu simfoniya”ya
qayıdırdım. Drezdendə olduğum son dövrlərdə məni getdikcə daha çox maraq-
landıran tarix biliklərinə meylim yenidən dirçəldi. Mən Hegelin “Fəlsəfə tarixi”nə
müraciət etdim. Burada çox şey xoşuma gəlirdi və bu yolla mən abstrakt fikrin
ehramına daxil olacağıma ümid edirdim. Bu məşhur, böyük mütəfəkkirin, nəzəri
biliklərin yaradıcısı kimi tanınmış şəxsin ayrı-ayrı fəlsəfi ümumiləşdirmələri
mənim üçün nə qədər anlaşılmaz idisə, “absolyut”un mahiyyətini bir o qədər çox
anlamaq istəyirdim. Bu arada inqilab baş verdi. Cəmiyyətin yenidən qurulması