383
Rixard Vaqner
Mənim həyatım
dostum Andersi də axtardım. Görüşmək çətin oldu. O, səhər erkəndən kitabxana-
da çalışırdı, orada kimisə qəbul etmək qadağan olunmuşdu, sonra Anders qiraət
otağında dincəlir, naharını da musiqi dərsləri verdiyi evlərdə edirdi. Bu müddət
ərzində onun səhhəti xeyli yaxşılaşmışdı. Əvvəllər mənə elə gəlirdi ki, onu tezliklə
ölüm gözləyir. Nə qədər qəribə olsa da, ona fəlakət yardım etdi: o, ayağını sındırıb,
su müalicəxanasına düşdü. Bu, onu xilas etdi: səhhəti düzəlməyə başladı. Onun
bircə arzusu vardı: mənim Parisdə qalibiyyətimi görmək. Məndən vəd aldı ki, ilk
əsərimin tamaşasındaca onu rahat bir yerlə təmin edim, çünki basırığa dözümü
yox idi. Anders mənim ədəbi yazılarımda heç bir fayda görmürdü. Bununla belə,
mən yenə yalnız onlarla məşğul idim, çünki tezliklə məlum oldu ki, “Tanhauzer”
uvertürasının səhnələşdirilməsinə heç bir ümid yoxdur. List vaxtındaca orkestr
partiyalarını hazırlayıb bura göndərmişdi. Amma Seger bildirmişdi ki, onun or-
kestri demokratik respublikanı təmsil edir, burada hamının bərabər səs hüququ
var. Musiqiçilərin toplantısında yekdilliklə belə bir qərar qəbul olunmuşdu ki, qış
mövsümü mənim uvertüramsız ötüşsün. Mənim vəziyyətimin necə dəhşətli oldu-
ğunu anlamaq üçün bu, kifayət idi. Yazıçılıq da bir elə təsəlli verən nəticə gətirmirdi.
Nəhayət, “Gələcəyin incəsənəti”nin bir nüsxəsi mənim əlimə düşdü, o, eybəcər
şəkildə nəşr olunmuşdu və səhvlə dolu idi. Naşir bildirir ki, yalnız qonorarımın ya-
rısını ödəyə bilər. “İncəsənət və inqilab”ın uğuru onu yanıltmışdı və mənim ədəbi
əməyimi bazar qiymətindən çox dəyərləndirmişdi. Mənim ikinci “Nibelunqlar
barədə” broşürümün tam iflası onun gözlərini açdı. Həmin vaxt başqa bir mühacir
Adolf Kolyaçek Parisdə mütərəqqi partiyanın orqanı olan aylıq nəşr hazırlamağı
düşünürdü və mənə yaxşı qonorar müqabilində orada iştirak etməyi təklif etdi.
Onun dəvətinin əvəzində “İncəsənət və mühit” adlı böyük bir məqalə yazdım.
Gələcəyin incəsənəti”ndə yüngülcə toxunduğum bir neçə fikir burada sonrakı
inkişafını tapırdı. Bundan başqa, “Dəmirçi Villand”ı tam işləyib bitirdim. Bu əsər
də maddi baxımdan faydasız oldu. Sonuncu aldığım pulları xərcləmişdim və indi
arvadıma nə yazacağımı dəhşətlə fikirləşirdim. Sürixə qayıtmaq və ya Parisdə qal-
maq barədə indi eyni dərəcədə sıxıntı ilə düşünürdüm. Meyerberin “Peyğəmbər”
əsərini ilk dəfə dinlədikdən sonra bu hiss məndə daha da qüvvətləndi. Hələ bir
il əvvəl ən yaxşı adamları ilhamlandıran sənətdəki alicənab yüksəliş iflasa uğra-
mışdı. Onların dağıntıları üzərində, müvəqqəti respublika hökumətinin sənaye
sövdələşmələrinin nəticəsi kimi, Meyerberin əsəri yüksəlirdi ki, bu da dünya üçün
biabırçı ayıqlıq, aydınlanma şəfəqi idi. Bu tamaşada iştirak etmək mənim üçün o
qədər iyrənc idi ki, əsərin ortasındaca parterin ən mərkəzində oturmağıma baxma-
yaraq, zalı tərk etdim. Adətən, mən tamaşa zamanı bu cür səs-küy salmağı özümə
rəva görməzdim. Amma peyğəmbərin məşhur “anası” öz kədərini ruladada (
me-
lodiyanın hissəsi – red.)
izhar edəndə qəzəbimi cilovlaya bilmədim. Heç vaxt özümü
bu əsərin bir neçə taktına qulaq asmağa məcbur edə bilməmişəm.