Rixard Vaqner
Mənim həyatım
502
Çox keçmədi, artıq Genuyada bir dəfə başıma gəlmiş, məni bir neçə həftəliyə
zehni işdən uzaqlaşdıran yatalağa yenidən yoluxdum. Mən Venetsiyanın misilsiz
gözəlliyini layiqincə qiymətləndirməyə alışır və bundan zövq alaraq, yaradıcı-
sənətkarlıq fəaliyyətim üçün yeni qüvvə toplayacağıma ümid edirdim.
Riva
boyu
ilk gəzintilərimdən birində, özlərini qraf Edmund Zixi və knyaz Dolqoruki kimi
təqdim edən, iki əcnəbi ilə həmsöhbət oldum. Vyanadan bir həftə əvvəl çıxan
bu iki şəxs orada “Loenqrin”in ilk tamaşalarına baxmışdılar. Bu barədə mənə
çox sevindirici xəbərlər çatdırdılar və onlardakı coşğunluq aldıqları təəssüratın
gücündən xəbər verirdi. Qraf Zixi tezliklə Venetsiyanı tərk etdi, Dolqoruki isə qışı
burda keçirmək niyyətində idi. Hər nə qədər tanışlıqlardan qaçmağa çalışsam da,
bu 50 yaşlı rus knyazı məni özünə cəlb edə bildi. Onun ciddi, olduqca mənalı si-
ması vardı, özü də, qədim və Qafqaza bağlı əsli-köküylə fəxr edirdi. Söhbət za-
manı onun yüksək, çoxcəhətli savadı, dərin dünyəvi bilikləri, əsasən də musiqi
duyumu, əsərləri seçib ayırmaqda dəqiq işləyən zövqü özünü göstərirdi. Onun
musiqiyə məhəbbəti dərin hisslərdən güc alan ehtirasa bənzəyirdi. Mən az sonra
ona bildirdim ki, səhhətim qaydasında olmadığı üçün hər cür ünsiyyətdən uzaq
durmalıyam və tam sakitliyə ehtiyacım var. Venetsiyada gəzməli yerlər az oldu-
ğundan, bu suyuşirin əcnəbiylə heç üz-üzə gəlməmək mümkün deyildi. Biz tez-
tez
Albergo St. Marco”
da rastlaşırdıq, mən naharda Ritterlə birgə oraya gedirdim.
Knyaz həmin oteldə qalırdı, orada nahar etməsinə mane ola bilməzdim. Venet-
siyada olduğum müddətdə biz onunla az qala hər gün görüşürdük, axıracan da
dostyana münasibət saxladıq.
89
Bir axşam otağıma qayıdanda Listin bizim sarayda olması ilə bağlı aldığım
xəbər məni daha çətin vəziyyətə saldı. Göstərilən otağa tərəf cumdum və orada
pianoçu Vinterbergeri gördüm: o, özünü binanın sahibinə mənim və Listin dos-
tu kimi təqdim etmiş, ancaq tələsiklikdə elə Listin özü kimi qəbul olunmuşdu.
Həqiqətən, mənim bu cavanla tanışlığım o, Listi müşayiət edənlərin içərisində
uzun müddət üçün Sürixə gəldiyi vaxt yaranmışdı. Bu adam mahir orqan ifa-
çısı sayılırdı. Bəzi qəribə hərəkətlərindən başqa mən onda elə bir xüsusi cəhət
sezməmişdim. Ən təəccüblüsü bu idi ki, o, Venetsiyada qalmaq üçün məhz mənim
otağımı seçmişdi. Vinterberger buraya hansısa knyaginya Qolitsınanın səfəri ilə
əlaqədar gəlmişdi, onun üçün burada qış iqamətgahı tutmalıydı. Burada kimsəni
tanımırdı, Vyanada ona mənim Venetsiyada olduğumu demişdilər, təbii ki, o da
qalxıb buraya gəlmişdi. Mən ona bu binanın heç də otel olmadığını bildirdim,
üstəlik, qeyd etdim ki, əgər rus knyaginyası burda qalmaq fikrindədirsə, dərhal