Rixard Vaqner
Mənim həyatım
52
onsuz da güclü həyəcanlı halıma elə təsir etdi ki, mən ruh görmüş kimi qışqır-
dım və yatağımda gizləndim. O dövrdə bu simfoniyanın fortepiano üçün variantı
hələ yox idi. Auditoriya elə də maraqla qarşılamadığı üçün naşir klaviraustsuqun
çapını sərfəli hesab etməmişdi. Mən iki əl üçün tam fortepiano variantı hazırla-
yıb ifa etməyə çalışmışdım. İşimi Maynsdakı partitura naşiri Şotta göndərdim
və cavab məktubu aldım. Məktubda deyilirdi ki, nəşriyyat hələ “Doqquzuncu
simfoniya”nın klaviraustsuqunun çapına ürək eləmir və mənim vicdanla gördü-
yüm işi həvəslə özündə saxlaya bilər. Əvəzində hədiyyə kimi sevə-sevə qəbul et-
diyim böyük
Missa solennisin
partiturasını təklif etmişdilər.
Bu işlə yanaşı bir müddət skripkada ifa ilə məşğul olmağa başlamışdım.
Harmoniya müəllimim düz təxmin etmişdi ki, gələcəyin orkestr bəstəkarı üçün
bu alətin mexanizmi ilə tanışlıq vacibdir. Anam, indi həm də (1865) Leypsiq
orkestrində ifa edən skripkaçı Sippə skripkaya görə səkkiz taler ödəmişdi. Onun
sonrakı taleyindən xəbərim olmasa da, üç il ərzində balaca otağımdakı məşğələlər
zamanı anamın və bacımın qulağına əziyyət verirdim. Maysederin məşhur F-dur
variasiyalarına qədər gəlib çatmışdım, amma yalnız ikinci, ya üçüncüyə qədər. Bu
məşğələlər barədə daha heç nə xatırlamıram. Ailəm isə xoşbəxtlikdən və yəqin ki,
eqoist fikirlərinə görə gələcəkdə də bu istiqamətdə işləməyimə israr etmirdi.
Lakin yenidən məni teatra qarşı ehtiraslı marağın bürüdüyü dövr yetişdi.
Drezden saray teatrının rəhbərliyi Leypsiq səhnəsinin üçillik idarəsini öz üzərinə
götürmüşdü və doğma şəhərimdə ən yaxşı əlamətlərə malik yeni truppa yaradı-
lırdı. Bacım Rozaliya da bu truppanın üzvü oldu və onun sayəsində bütün ta-
maşalara əlim çatmağa başladı. Uşaq vaxtı marağımı təmin edən və fantastikaya
meylli təxəyyülümü məşğul edən hər şey həddindən artıq ciddi, şüurlu ehtirasa
çevrildi. “Yuli Sezar”, “Maqbet”, “Hamlet”, Şillerin pyesləri və Hötenin “Faust”u
məni dərindən həyəcanlandırır və ruhlandırırdı. Opera səhnəsində ilk dəfə Marş-
nerin “Vampyr”i və “Templer und ludin”i səhnələşdirilirdi. Drezdendən ital-
yan opera truppası gəlmişdi və Leypsiq auditoriyasını qeyri-adi virtuoz ifası ilə
heyrətləndirirdi. Hətta mən də az qala uşaq vaxtı sinyor Sassarolinin qoyduğu
təəssüratları unudub Leypsiqdə hökmranlıq edən ab-havaya qapılmışdım. Qəfil
yenə Drezdendən gələn bir möcüzə mənim bədii-sənətkarlıq hisslərimə yeni, bü-
tün həyatım üçün həlledici istiqamət verdi.
Bu, Vilhelmina Şreder-Devrienin qısamüddətli qastrolu idi. O, artistlik kar-
yerasının çiçəklənmə dövrünü yaşayırdı, gənc, gözəl, səmimi və mehriban idi. Bir
də heç vaxt səhnədə belə bir qadın görmədim. O, “Fidelio”da çıxış edirdi.