53
Rixard Vaqner
Mənim həyatım
21
Həyatım boyu mənə bu cür dərin təsir göstərən başqa bir hadisə xatırlamı-
ram. Bu möcüzəli qadını həyatının həmin dövründə görən istənilən adam, həmin
misilsiz aktrisanın insani-ekstatik oyunundan demək olar ki, şeytani heyrət hiss
etməli idi. Tamaşa bitən kimi ona qısa məktub yazmaq üçün bir tanışımın yanı-
na qaçdım. Məktubda pafosla bəyan edirdim ki, bundan sonra həyatın mənasını
anladım və əgər o, nə vaxtsa incəsənət aləmində mənim şöhrətli adımı eşitsə, qoy
bilsin, bu məhz onun xidmətidir və o, bu gecə mənim qarşımda elə bir şeyi açdı ki,
bundan sonra həmişə həmin o şeyə can atmağa söz verirəm. Məktubu Şreder-Dev-
rienin yaşadığı mehmanxanaya apardım və oradan da dəli kimi qaçaraq gecənin
qaranlığına qarışdım. 1842-ci ildə “Riensi” ilə debüt etmək üçün Drezdenə gələndə
mənə qarşı dost münasibət bəsləyən və məktubumdan yadında qaldığı qədər sitat
gətirən bu aktrisanın evini tez-tez ziyarət edirdim. Görünür, məktub o vaxt ona
güclü təsir etmişdi və aktrisa onu hələ də saxlayırdı.
Hazırda yaxşı dərk edirəm ki, həmin andan həyatımda baş verən və bütün
işlərimin gedişatında əksini tapan bu narahatlıq birbaşa həmin sənət hadisəsinin
bəxş etdiyi, bütün varlığımı bürüyən o əsarəngiz təəssüratlarla əlaqəli idi. Özümə
necə kömək edəcəyimi, bu təəssüratlara azacıq da olsa belə uyğun gələn əsər
yazmaq üçün nə edəcəyimi bilmirdim. Bütün bunlarla birbaşa əlaqələsi olmayan
istənilən şey mənə o qədər boş və mənasız gəlirdi ki, özümü həmin işlərlə məşğul
olmağa məcbur edə bilmirdim. Bircə arzum var idi: Şreder-Devrienə layiq bir şey
yaza bilmək. Bunun əlçatmaz olduğunu hiss etdiyim üçün ümidsizliyə qapılıb
bütün yaradıcılıq işimi boşlamışdım. Əlbəttə, məktəb təhsili də diqqətimi çəkə
bilməzdi. Onda mən sükansız qalıb həyatın təsadüfi axınına qarışmışdım və qarşı-
ma çıxan ilk tanışa qoşulub avaralığa qurşanmışdım. Xarici çirkabı və daxili boşlu-
ğu ilə məni hələ də heyrətləndirən gənclik eyş-işrət dövrü başlamışdı. Həmyaşıd
dostlarımın seçimi tamamilə təsadüfə əsaslanırdı. Onlardan hansınasa bağlan-
dığımı və ya xüsusi simpatiya bəslədiyimi xatırlaya bilmirəm. Lakin əminliklə
bildirməliyəm ki, ən azı paxıllıq kimi bir səbəb üzündən istedadlı gənclərlə
ünsiyyəti də şüurlu surətdə kəsmirdim. Dost, tanış seçimindəki bacarıqsızlığım
yalnız bir şeylə izah olunurdu: bu və ya digər tanışlığın faydalı olub-olmamasının
mənimçün fərqi yox idi, çünki sadəcə, gəzintilərimdə mənə yoldaşlıq edəcək, anla-
masa da ürəyimi boşaldacağım birini axtarırdım. Əvvəl-axır o qaçılmaz an gəlirdi
və mən yoldaşımın reaksiya verməsini gözləyirdim. Lakin bu zaman heyrətlə an-
layırdım ki, heç bir şərhdən söhbət gedə bilməz. Mütləq cavab almağa can atanda
təsadüfü tanışımdan tamamilə laqeyd olduğu şeylərə maraq göstərməsini tələb
edirdim və adətən beləliklə, münasibətlərimiz həyatımda heç bir iz qoymadan