575
Rixard Vaqner
Mənim həyatım
3
Axşam Münhenə gəldik. Səhəri gün vetçina ilə
tonique
nin qeydinə qalıb
şəhəri gəzməklə məşğul olduq. Gəzinti Ollivyeyə böyük zövq verdi. Onun fikrincə,
kral I Lüdoviq tərəfindən ucaldılan tikililərin antik üsluba yaxın olması onları Lui
Napoleonun Parisi doldurduğu binalardan fərqləndirirdi. Ollivye iddia edirdi
ki, mütləq orada bu barədə fikir bildirəcək. Münhendə təsadüfən köhnə tanışım
fon Qornşteynlə görüşdüm. Onu dostlarıma “baron” kimi təqdim etdim. Qorn-
şteynin məzəli görünüşü və yöndəmsiz hərəkətləri dostlarımı çox əyləndirirdi.
Lakin Reyhenqalla getməmişdən əvvəl “
le baron
bizi şəhərin ucqar hissəsindəki
pivəxanalardan birinə aparanda şənliyimiz son həddə çatdı: o bizəMünhenin digər
üzünü göstərmək istəyirdi. Məkanda “baron”un pivə gətirmək üçün zirzəmiyə
düşərkən tutduğu kiçik şam qalığından başqa işıqlandırma yox idi. Lakin pivə
çox dadlı idi və Qornşteyn zirzəmiyə səyahətini bir neçə dəfə təkrarlamalı oldu.
Qatara gecikməmək üçün tələskənliklə vağzala yollananda, əkin yerləri ilə addım-
layanda, xəndəklərdən keçəndə alışmadığımız içkinin başımızı hərləndirdiyini
hiss etməmək qeyri-mümkün idi. Blandina özünü vaqona çatdırıb dərin yuxuya
getdi və yalnız günorta Reyhenqalla çatanda ayıldı. Orada bizi Kozima qarşıladı
və əvvəlcədən hazırlanmış məkana apardı.
Kozimanın sağlamlığı bizi çox sevindirdi. O, bizim, xüsusilə mənim təsəvvür
etdiyimdən daha yaxşı görünürdü. Qadına zərdablı müalicə yazılmışdı. Səhər
onu müalicə müəssisəsinə ötürdük. Lakin Kozima yazılan müalicəvi vasitəyə
gəzintilərdən və açıq, möhkəmləndirici dağ havasından daha az əhəmiyyət ve-
rirdi. Ollivye ilə mən iki bacı arasında hökm sürən şən əhval-ruhiyyəyə qoşu-
la bilmirdik. Çünki onlar arada uzaqdan eşidilən qəhqəhələrlə kəsilən məhrəm
söhbətlər üçün otaqlarına çəkilirdilər və mən əsasən siyasətə aludə dostumun
fransız söhbətləri ilə əylənməli olurdum. Əslində, bəzən onlara qoşula bilirdim.
Bir dəfə bildirmişdim ki, doğma ataları qeydlərinə qalmadığından onları övladlı-
ğa götürə bilərəm. Bu sözlər inamsız qarşılandı və yalnız qəhqəhələrə səbəb oldu.
Bir dəfə Blandinaya bacısı Kozimanın vəhşi təbiətindən şikayətləndim. Blandina
uzun müddət məni anlaya bilmədi. Lakin başa düşdü ki, bacısının nümayiş et-
dirdiyi “
timidite d`un sauvage”
ı qınayıram. Bir neçə gün sonra bu cür xoş şəkildə
kəsilən səyahətin davamı barədə düşünməli oldum. Dəhlizdə sağollaşarkən Kozi-
manın mənə zillənmiş sual dolu ürkək nəzərlərini sezdim.
Araba ilə Zalsburq vadisinə yola düşdüm. Avstriya sərhəddində gömrüklə
bağlı xırda macəra yaşadım. List Veymarda mənə özünün baron Sindən aldığı ba-
halı siqar qutusunu hədiyyə etmişdi. Venetsiyada yaşadığım vaxtlardan Avstriya-
ya siqar gətirməyin necə çətinliklərlə dolu proses olduğunu bilirdim: onları paltar-