637
Rixard Vaqner
Mənim həyatım
götürmək mümkündür. Bütün fikirlərimi Kiyevə yönəltdim. Məni müşayiət etmək
istəyən Korneliusla Qara dənizlə Odessaya, oradan da Kiyevə səfər planı hazırla-
dıq. Bunun üçün ilk növbədə münasib xəz əldə etmək qərarına gəldik. Hələlik
isə, qısa müddətə verilmiş köhnə vekselləri ödəmək üçün yenilərini imzalamaq-
dan başqa çarəm qalmırdı. Belə sistem açıq-aydın və qarşısıalınmaz şəkildə ifla-
sa aparırdı və bundan çıxış yolunu yalnız vaxtında təklif olunmuş, əsaslı yardım
vasitəsilə tapmaq olardı. Bu cür vəziyyətdə dostumdan dəqiq cavab tələb etməyə
məcbur idim. Onun mənə kömək etməyə imkanı olduğunu yox, ümumiyyətlə,
kömək etmək istəyib-istəmədiyini öyrənməli idim. Çünki özüm bu iflasın qarşısını
almaq iqtidarında deyildim. Məlum səbəblərdən o, özünü bu məktubla çox pərt
hiss etdi və təxminən belə bir cavab yazdı: “Siz mənim bunu istəyib-istəmədiyimi
bilmək istəyirsiniz? Onda Allah xatirinə, bilin: istəmirəm.” Bunu anlaya bilmirdim
və onun asılı xasiyyətinin zəifliyi mənə tezliklə ən gözlənilməz şəkildə bacısı, xa-
nım Ville tərəfindən izah olunmuşdu.
Bu tərəddüdlərin arasındaykən hiss edilmədən fevralın sonu gəldi. Kiyev və
Odessadan məktub alanda Korneliusla Rusiyaya səyahət planı cızmaqla məşğul
idik. Məktubda mənə bu şəhərlərdə hər hansı incəsənət fəaliyyətdən imtina
etməyi məsləhət görürdülər. Anladım ki, bu şərtlər altında həm Vyanada mövqe-
yimi qorumaq, həm də Pensinqdəki mənzili əlimdə saxlamaq barədə düşünmək
olmazdı. Çünki mənim nəinki heç olmasa müvəqqəti gəlirim yox idi, həmçinin,
sələmçilərin faizləri ilə artan borclarım da böyük məbləğlərə çatmışdı. Kənar
qüvvənin müdaxiləsi olmadan bu vəziyyət azadlığımı da təhlükə altında qoyur-
du. Bu halda, məsləhət üçün tam açıqlıqla köhnə dostum Ferensin gənc dayısı
imperator landgerixtsratı Eduard Listə müraciət etdim. İlk dəfə Vyanada olarkən
o, mənə böyük sədaqətini və kömək etməyə hazır olduğunu dilə gətirmişdi. Bu
halda isə o, mənim veksellərimi almaq üçün kreditorları razı sala biləcək varlı bir
himayədarın müdaxiləsindən başqa çıxış yolu görmürdü. Bir müddət o düşünür-
dü ki, lazımlı məbləğ və onu vermək istəyi mənə hədsiz rəğbət bəsləyən tacir xa-
nım Şellerdə tapıla bilər. Vəziyyətimi gizlətmədiyim Ştandqartner də bu baxım-
dan nə isə eləməyə ümid bəsləyirdi. Bir neçə həftə keçdi. Bu vaxt ərzində məlum
oldu ki, dostlarım məni yalnız İsveçrəyə getməyə yetəcək miqdarda pulla təmin
edə bilirlər. Orada isə verdiyim vekselləri ödəmək üçün vasitə axtarmalı olacam.
Bir hüquqşünas kimi Eduard Listə bu cür həll yolu xüsusilə arzuolunan görünür-
dü. Belə ki, o, mənim qurbanına çevrildiyim azğın sələmçiləri məsuliyyətə cəlb
etmək imkanı qazanırdı.