67
Rixard Vaqner
Mənim həyatım
taktlı idi. Lakin hər dördüncü taktdan sonra ayrıca- beşinci-melodiyaya heç bir
dəxli olmayan, ikinci çərəyində litavranın xüsusi zərbəsi ilə fərqlənən takt gəlirdi.
Zərbə çox qəribə və musiqinin qalan hissəsi ilə nisbətdə tənha səsləndiyi üçün
litavra ifaçısı hər dəfə səhv etdiyini düşünərək zərbəyə partiturada nəzərdə tu-
tulan sərt vurğunu verməkdən qorxub onu yumşaldırdı. Şəxsən öz fikrimdən
qorxduğum üçün mən bununla razı idim. Lakin təəssüf, Dorn israr etdi ki, mu-
siqiçi həmin bəd zərbəni partiturada göstərildiyi kimi ifa etsin. Məşqdən sonra
bu barədə narahatlığımı Dorna çatdıranda onu ölümcül litavra zərbəsini yum-
şaltmağa razı sala bilmədim. O, belə daha yaxşı olacağında inad edirdi. Onun
məni sakitləşdirməyinə baxmayaraq tanışlarıma bəstəkarın adını açmağa ürək
etmədim. Bu sirri yalnız artıq bir dəfə “Leybald və Adelaida” pyesini oxumağın
zülmünü dadmış bacım Ottiliyaya açdım və onu mənimlə konsertə gedib uvertü-
ranı dinləməyə razı saldım. Həmin axşam yeznəmiz Fridrix Brokhauzun evində
bayram ziyafəti təşkil olunmuşdu. Mən də, bacım da bu mərasimdə iştirak etmək
istəyirdik. Bacım da Brokhauzun ailəsinin üzvü olduğu üçün həmin axşam çox
məşğul idi və evdən qısa müddətliyinə çıxmaq üçün güclə vaxt tapmışdı. Yeznəm
bacımın tez qayıtması üçün bizi atla göndərmişdi. Beləliklə, musiqi arenasına
ilk çıxışım bir qədər dəbdəbəli alınmışdı: biz teatra faytonla gəlmişdik. Ottiliya
yeznəmizin lojasında oturdu, mən isə parterdə boş yer axtarmalı oldum. Bilet al-
mağı unutduğum üçün qapıçı məni zala buraxmaq istəmirdi. Bu vaxt orkestrdə
alətlərin köklənməsi intensivləşirdi və mən başlanğıca gecikməkdən qorxduğum
üçün “Yeni uvertüra”nın müəllifi olduğumu açmağa ürək elədim. Bunun faydası
oldu: məni zala biletsiz buraxdılar. Parterin ön skamyalarından birinə keçib otur-
dum, həyəcandan boğulurdum. Uvertüra başladı. “Qara” mis alətlər mövzunun
öz üzərilərinə düşən hissəsini ifadə etdikdən sonra “qırmızı” mövzu (allegro) baş-
ladı. Dediyim kimi, onu hər beşinci taktda başqa “qara” dünyadan olan litavra-
nın zərbəsi bölürdü. Sonra nəfəsli alətlərin “yaşıl” motivinin və hər üç motivin
vəhdətinin auditoriyaya necə təsir etdiyini anlamamışdım. Litavranın ölümcül
zərbələri elə kinli sərtliklə səslənirdi ki, mən həyəcanlanıb özümü itirmişdim.
Bu effektin düzgün və tez-tez səslənməsi əvvəlcə auditoriyada təəccüb, sonra isə
şən hisslər oyatdı. Qonşuluqda oturanların əvvəlcədən hesab aparıb zərbələrin
nə vaxt səslənəcəyini təyin edirdilər. Mən isə onların hesablarının düzgün oldu-
ğunu bildiyim üçün dözülməz əzab çəkirdim. Huşumu itirdim. Nəhayət, bütün
banal sonluqlarını saya almadığım uvertüra qəfil kəsiləndə qəribə, anlaşımaz bir
yuxudan ayılmış kimi özümə gəldim. Hoffmanın fantastik hekayələrini oxuyanda
keçirdiyim hisslər auditoriyanın heyrət içində olduğunu görəndə keçirdiklərimin
yanında heç nə idi. Mən nə narazılıq, nə qınaq, nə fit səsləri, nə də gülüş eşidirdim.
Sadəcə, eşitdikləri əcaib şey qarşısında hüdudsuz heyrət var idi. Deyəsən, mənim
kimi hər kəs misilsiz yuxudan ayılmışdı. Ən əziyyətli hissə hələ qabaqdaydı. Ba-