91
Rixard Vaqner
Mənim həyatım
mübarizə aparır, israrla orta əsrlərin əvvəllərinə aid cəngavər kostyumları tələb
edirdim. Sonra kapelmeyster Şteqmayerlə partitura barədə dəqiq sözləşmək la-
zım idi. Bu ağımtıl buruq saçlı, çox balacaboy və kök, həmçinin şən adamdan nə
isə əldə etmək çətin idi. Yeməkxanada oturarkən heyrətamiz dərəcədə tez ortaq
məxrəcə gəlirdik. Lakin royal arxasına keçən kimi mənasını uzun müddət anlama-
dığım etirazlarla qarşılaşırdım. Bütün bunlar işi çox ləngitdiyi üçün operanın rejis-
soru, o zaman Leypsiqdə çox sevilən ifaçı və incəsənət bilicisi Qauzerlə yaxından
tanış olmaq qərarına gəldim. Məni onunla bağlı qəribə kəşflər gözləyirdi. Sevilya
bərbəri və Fra-Dyavolodakı ingilis rolları ilə Leypsiq auditoriyasının könlünü fəth
edən insan ev şəraitində qəfil ən qədim musiqinin fanatına çevrildi. Onun Motsart
barədə danışarkən pis gizlənmiş nifrətini və əlimizdə Sebastyan Baxın operaları-
nın qalmaması barədə məyusluğunu sezə bilmişdim. O, indiyə qədər heç kimin
əsl dramatik musiqi yazmadığını və yalnız Qlükün bu istiqamətdə müəyyən is-
tedadı olduğunu izah etdikdən sonra operamı nəzərdən keçirməyə başladı. Ope-
ranın səhnələşdirilməsi barədə onun fikrini bilmək istəyirdim. Lakin rejossorum
bunun əvəzində mənə hər nömrədə “istiqamət”imin yanlışlığını göstərməyə baş-
ladı. İşimə bu insanla birlikdə baxış keçirərkən görülməmiş əziyyətlər çəkirdim.
Anama və bacıma dərin təəssüfümü bildirirdim. Bu ləngimələr operanın əvvəlcə
nəzərdə tutulmuş müddətə səhnələşdirilməsinə mane olurdu və tamaşa cari ilin
(1834)
avqustuna ertələndi.
Unudulmaz bir hadisə mənə yenidən cəsarət verdi. Təcrübəli və dəyərli
musiqiçi, bir vaxtlar özü də uğurlu bəstəkar olan, Breslavl teatrına uzunmüddətli
rəhbərliyi zamanı əldə etdiyi möhtəşəm təcrübəyə malik qoca Birey o vaxt
Leypsiqdə yaşayırdı və ailəmizlə yaxından tanış idi. Anam və bacım ondan ope-
ramın ifasının mümkünlüyü barədə fikir bildirməyini xahiş etdilər. Bu məqsədlə
partituranı Bireyə verdilər. Günlərin birində bu qoca həqiqətən həyəcanlanmış
halda bizə gəlib gənc birinin bu cür partitura yazmasının ağlasığmaz olduğunu
elan edəndə çox təsirlənmiş və sarsılmışdım. Onun istedadımın ölçüləri barədə
dediyi sözlər inanılmaz idi və məni həqiqətən heyrətləndirmişdi. Operanı tama-
şa qoyulacaq qədər güclü hesab edib-etmədiyini soruşanda isə o, yalnız bir şeyə
təəssüfləndiyini bildirdi. O dedi ki, hazırda teatra rəhbərlik etmədiyinə məyus
olub. Çünki o zaman məni öz müəssisəsinə uzun müddət bağlı saxlayardı. Bun-
dan sonra bizimkilər yenidən xoşbəxt əhvala kökləndilər. Özü də heç kəs Bire-
yi sadəlövh boşboğaz hesab etmirdi. Onu çox şeyləri görmüş və kifayət qədər
təcrübəli, soyuqqanlı adam kimi qəbul edirdilər.