2011-ci il mayın 17-də Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan gecəsi” adlı mərasim təşkil edib. Moskvada, Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak ediblər.
Tədbir çərçivəsində Fondun ən uğurlu layihələrindən olan “Azərbaycan” nəşrinin rus versiyasının təqdimatı keçirilib, Azərbaycan xalçaçılıq məktəbinin, xalq sənətkarlığının nümunələri sərgilənib.
Mərasimdə Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub. Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycana aid müxtəlif nəşrləri hədiyyə olunub.