6 may 2013

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli gecə

Mayın 6-da Moskvada, İttifaqlar Evinin Sütunlu Salonunda böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gecədə iştirak edib.


Leyla Əliyeva mərasimdə çıxış edib.


Leyla Əliyevanın çıxışı:


- Hörmətli qonaqlar!


Əziz dostlar!


Mayın 10-da əzəməti və böyüklüyü zaman keçdikcə daha çox başa düşülən, yaddaşımızda əbədi yaşayacaq bir insanın - Heydər Əliyevin anadan olmasından 90 il ötür. Heydər Əliyevsiz yaşadığımız bu 10 il bizə göstərmişdir ki, Ulu Öndərlə Azərbaycanın taleyi əbədi olaraq sıx çulğalaşmış, vəhdət təşkil etmişdir. Çiçəklənən, müstəqil və güclü müasir Azərbaycan elə onun ömrünün davam etməsi deməkdir. Heydər Əliyev hamını heyran qoyan, qəfil dönüşlər və cəsarətli çağırışlarla dolu parlaq bir ömür yaşamışdır. Özündən sonra Yer üzündə qoyduğu misilsiz və möhtəşəm iz onun adını dünyanın sərvətinə çevirmişdir. Onun səyləri ilə ölkəmiz əsl müstəqillik qazanmış və məhv olmaqdan qurtulmuşdur. Heydər Əliyev bu gün dünyanı özünün iqtisadi, siyasi və mədəni nailiyyətləri ilə heyrətləndirən bir Azərbaycan yaratmışdır. O, ölkəmizi dünya siyasi arenasına çıxarmış və onun nüfuzu sayəsində Azərbaycanın səsi ən yüksək kürsülərdən eşidilmişdir. Onun üçün ölkəsinin və xalqının rifahı həmişə ən başlıca məsələ olmuş və o, bütün ömrünü bu amala həsr etmişdir.


Heydər Əliyevi Rusiya ilə çox şey bağlayır. O, uzun illər dünyanın ən böyük ölkəsinin hökumətində rəhbər vəzifələr tutmuş, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə ölkələrimiz arasında münasibətlərin inkişafına həmişə böyük diqqət yetirmişdir. O, Rusiya Prezidenti Vladimir Putinlə dostluq və etimada söykənən münasibətləri yüksək qiymətləndirirdi, böyük rus dili və rus mədəniyyəti onun üçün həmişə əziz olmuşdur. Bu gün ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin də əsası Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərin nəticəsidir.


Əziz dostlar, Heydər Əliyev haqqında saatlarla danışa bilərəm. Onun barəsində nəhayətsiz danışmaq olar. O, qeyri-adi insan idi. Dövlət xadiminin böyüklüyü ilə sadəlik onda qeyri-adi şəkildə uzlaşmışdı. Müdriklik, mərdlik, qorxmazlıq, əzmkarlıq kimi ən gözəl keyfiyyətlər onun xarakterində cəmləşmişdi. O, istər ölkənin taleyində, istərsə də şəxsi həyatında ən ağır zamanlarda səmimi və mehriban hisslərini, xeyirxahlığını və nəcibliyini qoruyub saxlayırdı. Bununla belə öz prinsiplərindən heç vaxt əl çəkmir, açıq və mərdanə mübarizədən çəkinmir və həmişə də qalib gəlirdi. Mən Heydər Əliyevi təkcə ölkənin rəhbəri və millətin lideri kimi deyil, həm də ən sevimli, mənə əziz və yaxın adam kimi tanıyırdım. O, mənim üçün ilk növbədə baba və hər bir vəziyyətdə köməyimə çatan ən yaxşı dostum idi. Əlbəttə, bu gün həyatda onun yoxluğu mənim üçün son dərəcə ağırdır, lakin, eyni zamanda, o, həmişə yanımdadır və mən onun gücünü, müdafiəsini və məhəbbətini daim hiss edirəm. Zənnimcə, Azərbaycan xalqı da bunu hiss edir, ona qarşılıqlı məhəbbət və böyük ehtiramla cavab verir. Heydər Əliyev epoxası Azərbaycan tarixində bütöv bir dövr olmuşdur və bu dövr onun həyatdan köçməsi ilə başa çatmamışdır. Bu gün o, ölkəsinin inkişafı ilə qürur duya bilərdi. Axı, böyük siyasi xadimin və millətin həqiqi liderinin başlıca məqsədi və işi öz xalqını xoşbəxt etmək idi. Babam - böyük siyasi xadim Heydər Əliyev həyatda ən çox məhz bunu arzulayırdı.

 

Xəbərə keçid