Heydər Əliyev Fondunun dəstəyi ilə “Əbədi ezamiyyət” sənədli filmi çəkilib. 2016-cı il yanvarın 22-də Nizami Kino Mərkəzində filmin təqdimatı olub.
Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva təqdimat mərasimində iştirak edib.
Film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.
Filmin baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur.
Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb. Bu şəhərlərdə video-foto çəkilişlər edilib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətlər lentə alınıb.