2014-cü il mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” keçirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva festivalın açılışında iştirak edib.
İlk dəfə 2010-cu ildə keçirilən festivalın məqsədi xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etməkdir. Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş olunur, rəqs ansamblları çıxış edir, müxtəlif interaktiv oyunlar keçirilir.
Budəfəki festivalda “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin düşərgəsi yaradılmışdır. “Ekosfera” təşkilatı Azərbaycanda ilk dəfə olaraq uşaq və gənclər üçün interaktiv təlim, ekoloji-mədəni proqramlar hazırlayıb. Təşkilatın reallaşdırdığı turlarda uşaq və gənclər təbiət qoynunda kənd həyatı keçirir, ənənəvi kənd işlərində, milli bayram və festivallarda iştirak edir, ekodüşərgələrdə yaşayırlar.
Festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edirdi. Eyni zamanda festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən qonaqlar da qatılmışdı.