1399690861.jpg
9 may 2014

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Buxarestdə qeyd olunub

Mayın 9-da Rumıniyanın paytaxtı Buxarestin mərkəzində yerləşən Heydər Əliyev XiyabanındaAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, türk-tatar icmasının təmsilçiləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

 

Azərbaycanın Rumıniyadakı səfirliyinin nümayəndəsi Tehran Şükürov Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkədə sabitliyin bərqərar edilməsində, iqtisadi-sosial inkişafın təmin olunmasında, demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulmasında, inkişafında, Azərbaycanın regionda və dünyada mövqelərinin güclənməsində Heydər Əliyevin xidmətlərindən danışıb.

 

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyini ziyarət ediblər. Nümayəndəliyin direktoru İqbal Hacıyev Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, Fondun çoxşaxəli humanitar xeyriyyəçilik fəaliyyətindən bəhs edib. O, bildirib ki, Heydər Əliyev Fondu daim ehtiyacı olanlara yardım edir, qayğı göstərir, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparır. Fond tərəfindən xarici ölkələrdə tədbirlər, sərgilər keçirilir, müxtəlif dillərdə buklet və kitablar nəşr olunur.

 

Sonda tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində təşkil olunan fotosərgi ilə tanış olub, Heydər Əliyevə həsr olunmuş sənədli filminə baxıblar.


VİDEO